• Fr. Nov 8th, 2024

Azərbaycan qövm , milliyyət ya millət ?

 

Artıq neçə əsrdir ki, millət anlayışı modern dünyanın ən böyük fenomenlərindən biridir. O, bir çoxlarına görə modern dünyanın, müharibələrin, sülhün, azadlıq hərəkatlarının yaradıcısı və ya səbəbkarı hesab edilir. Millət anlayışı inkaredilməz bir reallıq olsa da, onun tərifi və meydana çıxma şərtləri müxtəlif cür şərh edilir. Bəzilərinə görə millət ən qədim dövrlərdən bəri mövcud olmuş, bəzilərinə görə XVIII-XIX əsrlərdən etibarən bir ovuc insanın düşüncələri əsasında keçmişdən əsasən heç bir asılılıq olmadan inşa edilmiş, bəzilərinə görə isə tarix boyu baş vermiş hadisələr əsasında sonradan qurulmuşdur. Hər halda, millət danılmaz bir reallıqdır və ortada onun tədricən məhv olacağını iddia edənlərin dediklərini sübut edəcək  ciddi bir dəlil yoxdur. Son dövrlərdə də baş verən hadisələri nəzərə alsaq, iddia edə bilərik ki, millət, o cümlədən də millətçilik hələ uzun müddət öz təsirini saxlayacaqdır.Millətə və millətçiliyə etno-simvolist yanaşmanı rəhbər tutaraq biz iddia edirik ki, Azərbaycanda sözün əsl mənasında millət XIX əsrin ikinci yarısından formalaşmağa başlamışdır. Avropa mədəniyyəti ilə tanışlıq bu prosesin sürətlənməsinə və bəlkə də, yaranmasında mühüm rol oynamışdır. Bu prosesdə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və s. şəxslər xüsusilə fərqlənirdilər. Biz bu yazımızda Azərbaycandakı ən böyük millətquruculardan biri olan Rəsulzadənin ömrünün son illərində millət barədə olan düşüncələrini analız edəcəyik.

Öncə qeyd etməliyik ki, o dövrki Azərbaycan coğrafiyasında fəaliyyət göstərən ziyalıların millətə və onu formalaşdıran amillərə dair fikirləri arasında ciddi fərqlər var idi. Rəsulzadənin beynindəki millət anlayışı o dövrki Azərbaycan ziyalılarının düşüncələrindən fərqlənirdi. O, etnosun millət ola bilmə yolunu 3 mərhələyə bölmüşdü. Rəsulzadə Antoni Smithin “etnik nüvə” adlandırdığı məfhumla eyniləşdirə biləcəyimiz etnosun birinci mərhələdə xalq və ya qövm olduğunu, ikinci mərhələdə milliyyət, nəhayət üçüncü mərhələdə isə millətə çevrildiyini bildirirdi.1 Bütün bu mərhələlərin keçilməsi isə modernist yanaşmanın millətin qurulmasında vacib hesab etdiyi şeylərlə – ziyalıların təbliğatı, insanların beyinlərində vahid milli kimliyin inşa edilməsi, vahid təhsil sistemi və iş bölgüsüylə çatmaq olardı.

Azərbaycan dilinin izahlı lüğətində “milliyyət” sözünün mənası müəyyən millətə və yaxud da xalqa mənsub olma kimi verilmişdir. Rəsulzadə isə bu sözdən başqa mənada istifadə edirdi. Ona görə dilimizdə milət anlamını ifadə etmək üçün iki söz vardır: milliyyət və millət. Buna görə də, biz yazımızda milliyyət deyərkən sözün müasir dövrdəki işlənmə mənasını yox, o dövrki işlənmə mənasını nəzərdə tutacağıq. Rəsulzadəyə görə milliyyət dil, din, irq, qövm, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana çıxan etnik topluluqdur. Millət isə bu topluluqda meydana gələn ümumi iradə nəticəsində meydana çıxır.2 Rəsulzadə milliyyət və millət arasındakı fərqi 1952-ci ildə Azərbaycan jurnalında yazdığı “Millət olmaq əzmi” məqaləsində izah etmişdir. O, bunu edərkən Mazzini ilə Durkhaymın millət anlayışlarını müqayisə etmişdir. Mazzini milləti belə təsvir edirdi: “Etnik amillər və ya sadəcə tarixi səbəblərlə eyni qanunlar altında yaşama və tək bir dövlət qurmaq istəyən insan topluluğuna millət deyilir.”

Rəsulzadə yazısında Durkhaymın bu sözlərini sitat gətirirdi: “İsrarla doğrulanırsa, bu kollektiv iradənin tətmin olunmaq haqqına malik olduğu və bu iradənin dövlət qurmağa yeganə əsas təşkil etdiyi indiki mədəni millətlər tərəfindən artıq prinsip olmuşdur.” Bu iki statı müqayisə edən Rəsulzadə birincidə millətin ünsürəl və tarixi hadisə, ikincidə isə sosioloji və iradə hadisəsi olduğunu bildirir.

Rəsulzadə həyatının son dövrlərində dilləri, adətləri, dinləri, vətənləri və s. bir olan insan qrupunun milliyyət təşkil etdiyini bildirir. Burada nəzərdə tutulan milliyyət hələ millət demək deyildir. Beləki, müəyyən tarixi hadisələr nəticəsində bir yerdə yaşayan insan qrupu tədricən bir insan yığını, sürüsü və yaxud da bir qədər inkişaf etmiş forması ilə qövm olmaqdan uzaqlaşaraq milliyyət halına keçir. Milliyyət halından daha yuxarıda isə millət olma mərhələsi dayanır. Rəsulzadəyə görə milliyyət buna yalnız sosioloji yaddaş vəzifəsini yerinə yetirən orqanın formalaşması ilə ümumi şüur və kollektiv iradə vasitəsiylə çata bilər. Rəsulzadə milliyyətdən millətə keçidi təmin edən ən mühüm faktorlardan olan sosioloji yaddaşın yaradılması missiyasının kapitalizm dövründə artıq şəhərlərə keçdiyini bildirirdi. Artıq şəhərlərdə yaşayan ziyalılar millətin şüurunu tərbiyə və təmsil edən sinif halına gəlir. Bu sinif əlində olan ən böyük silahdan – mətbuatdan istifadə edərək kollektiv iradəni və milli şüuru formalaşdırır və milliyyətdən millətə keçidi təmin edir.

Rəsulzadə yaradıcılığının ilk dövrlərindıki yazılarında Azərbaycandakı toplumun hələ milliyyət olduğunu və milli şüurun kifayət qədər inkişaf etmədiyinə görə millətin hələ formalaşmadığını yazırdı. Lakin ömrünün son dövrlərindəki yazılarında 1918-ci ilin 28 mayında qəbul edilmiş İstiqlaliyyət bəyannaməsi ilə millət olma iradəsinin formalaşdığını bildirirdi.

Rəsulzadəyə görə “milliyyət etnik bir məfhum ikən, millət siyasi bir məfhumdur.” Özü bunu belə izah edirdi: “Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş statik varlıqdır, millət isə bu statik varlığın şüurlaşan dinamik formasıdır.”

Bütün bu yazılanlardan bu nəticəyə gələ bilərik ki, Rəsulzadəyə görə millət ortaq tarixi, dini, dili, iqtisadiyyatı paylaşan toplumun yalnız ümumi kollektiv iradəyə və ümumilli şüura malik siyasiləşmiş formasıdır. Rəsulzadəyə görə kollektiv iradə, ümummilli şüur milliyyətin millətə keçməsi üçün mütləq olan faktorlardır – bunlarsız heç bir millət təsəvvür edilə bilməz. Milliyyət isə millətdən fərqlidir. Hər şeydən öncə Rəsulzadəyə görə milliyyət “tarixi hadisə”dir, millət isə “psixoloji hadisədir”. Rəsulzadə bu məfhumları belə ifadə edir: “O (milliyyət), embriondur, bu (millət) uşaqdır. O, ağacdır, bu meyvədir. O, anadır, bu uşaqdır. O, milliyyətdir, bu millətdir.”

Qısası, həyatının bu dövründə Rəsulzadəyə görə, milliyyət millətə gedən yolda bir mərhələdir. Bir toplumun milliyyətdən millətə keçidi isə modernist millətquruculuq nəzəriyyəsi ilə izah olunan metodlarla “memarlar” tərəfindən həyata keçirilir. Nəticədə, “göbəyinin” olduğu və ya olmadığı iddia edilən millət inşa edilir. Bu millət isə nə qövm, nə də ümmət kimi inhisarçı deyildir, millət müasir sivilizasiyanı bir bütün, özünü də onun parçası olaraq görür

Mənbə: milliyyet.info

Loading